Sayfayı Yazdır | Pencereyi Kapat
Tahir Talibli
Hər aşqın sonunda göz yaşı vardır….
Nə itirdik, nə tapdıq bu dumanda
Bizim kimi neçə-neçə naşı var
Beygümanlar qalar ahda-amanda
Sevdaların gözü yoxdu, qaşı var
Buludumuz narın-narın yağdı ki,
Şimşəyimiz parıl-parıl çaxdı ki,
Bəxtimizi cırnatdılar çox da ki,
Bəxtimizin yatan şahlıq quşu var
Eh sənin də səsin gedər küyünnən
Yerin bəlkə qarışıqdı göyünnən
Nəyin qaldı, öyünəsən nəyinnən
Başımızın haqdan yağan daşı var
Dünya nədi ağzındakı dadındı
Necə gəldin, necə getdin adındı
hər kişini öldürən bir qadındı
Hər sevdanın sonunda göz yaşı var
24. 02. 09
Tahir Talibli
Qorxu
Gedirsən yoluna çıxır
Durursan qarşına gəlir
Qorxudu, qorxduqlarındı
Hamısı başına gəlir.
Qurduna, quşuna gələnlər
Suyuna, daşına gələnlər
Sonda başına gələnlər,
Əvvəldən duşuna gəlir
Gözündə yuxun qurtarır
Azında çoxun qurtarır
Elə ki qorxun qurtatır
Ölüm də xoşuna gəlir
5 iyul 2007
…..
Tahir Talibli
Enibdi tanrıdan, haqdan
Dərddi yenə bizə gəlir
Gedən aldanışa gedir
Gələn elə duza gəlir.
Mayası qudurub nəfdən
Kefcili bayılıb kefdən
Azrayılla dörd tərəfdə
Adamlar üz-üzə gəlir
Beləcə dörüb, törəyib
Qurdu qəmgin, quşu qərib
Bizi yiyəsizmi görüb
Ölüm üstümüzə gəlir
7-8 mart 2008
Tahir Talibli
Tanrı
Gedən gedir, gələn gəlir
Yüngül sənnən, ağır sənnən
Hər nə var sənnən başlayır
Əzəl sənnən, axır sənən
Gül üzünə açır güllər
Ləhcənnən oxur bülbüllər
Sənən əsir əsən yellər
Gümüş sular axır sənnən
Nələr sonaladım seçdim
Odun gördüm, suyun içdim
Hər şeydən bezdim də keçdim
Keçəmmədim axır sənnən.
Tahir Talibli
Hər şeyi unutmaq olar
Uca tanrının adına
Aldanıb qalmaq da olar
Bir ölümün umuduna
Dünya kimdi əndirdiyin
Kimdi köntöy dindirdiyin
Kimdi yenə mindirdiyin
Bir dəlisov cin atına?
Sular dəyə -dəyə gedir
Daşı döyə-döyə gedir
Adam gizlənməyə gedir
Bəlkə də torpaq altına
16 oktyabr 2008
…
Tahir Talibli
Qaşımıznan göz arası
Olumuna, qalımına şükür.
Gecəynən gündüz arası
Gediminə,gəliminə şükür.
Bir az çalpaşıq veribsən-
Suynan,işıqnan veribsən.
Dəryadan bir qaşıq veribsən
Bir qaşıq elminə şükür.
Baxt yazdığın baxtsız olmur
Taxt yazdığın taxtsız olmur
Ölüm heç vaxt vaxtsız olmur.
Vaxtlı-vaxtsız ölümünə şükür
7 mart 2009
……..
Tahir Talibli
Bir kimsə bilməz necəsən,
Xəbər yox halınnan sənin.
Yarandı küllü-kainat
Bir kəlmə olunnan sənin.
Biz kimik, heçik gedirik
Zamannan keçib-gedirik
Beləcə köçüb-gedirik
Sağınnan-solunnan sənin.
Olanlar, Mövlam, xoş oldu
Mənim də peymanım doldu
Tahir bir xatasız quldu
Nə gələr qulunnan sənin.
İyul 2008
SİZİN ŞİİRLERİNİZ
Sayfayı Yazdır | Pencereyi Kapat